Parlaq ölməz kol
Qırmızı pirakanta (lat. Pyracantha coccinea) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin pirakanta cinsinə aid bitki növü.
Şərqi Aralıq dənizi sahilərinə məxsus nadir növüdür. Zaqafqaziyada, Krımda, İtaliyada, Fransada, keçmiş Yuqoslaviya ərazisində, Şimali İran və Türkiyədə rast gəlinir.
Hündürlüyü 1-1,5 (2) m-ə qədər olan, iri budaqlı, tikanlarla əhatə olunmuş koldur. Yarpaqları qalın dərilidir, qışı keçirən, uzunsov-ellipsvari və ya uzunsov-neştərvari, bəzən yumurtaşəkilli formada olur, üst tərəfdən parlaq, tünd-yaşıl rəngli, alt tərəfdən tutqundur, cavan yarpaqları tüklu, daha sonra çılpaq olur, kənarları mişarvari-dairəvi dişlidir, saplağı qısadır. Qalxan çiçək qrupu budaqlanan olub, çoxçiçəklidir, sıxdır və qismən tüklüdür. Çiçəkləri xırda ağ və ya krem (açıq sarı) rəngdədir. Meyvələri şarşəkilli, parlaq narıncı-qırmızı və ya tünd qırmızı rəngdədir, noxud böyüklüyündədir. May-iyun aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.